Nəsimi
Müdirimlə
dava edib işdən qovulandan sonra demək olar ki həyat məğlubiyyətləri ard-arda gəlirdi.
İşsiz olmaq qəribə bir şeydir. Hətta evdə doğma anan da qabağına yeməyi minnətlə
qoyur. Dostların səndən qaçır ki, birdən görüşəndə siqaretlərin çox çəkərsən. Sevdiyin
qadın isə...
Eyni günlər
davam edirdi. Çiskinli bir mart səhəri
yuxudan oyanıb anamın iynəli sözlərin eşitməməkdən ötrü kostyumu geyinib,
qalstuku bağlayıb iş axtarmaq adıyla bir başa Rasimin çayxanasına yollandım.
Çox gözəl insandır Rasim. Bircə dəfə göz vursam bilir ki, pulum yoxdur. Heç
adımı qara dəftərə də yazmayıb. Bu dəfə də elə oldu. Səhər olmasına rəğmən
insanla dolu olan çayxanada televizorun önünəki boş masada oturub Rasim oradan müəllimə bir çay deyib , pultu əlimə alaraq
maraqlı veriliş axtararkən bir də gördüm hansısa kanalda Nəsimi filmi gedir. Şəmsin
əli qolu bağlı və Nəsimiya baxaraq “vəsf et məni şair” deyirdi, Nəsimi isə əvəzində
“vəsf zamanı deyil Afət, səni bu hüsnü camalu bu kamal ilə görüb, qorxdular həqq
deməyə, döndülər insan dedilər” cavabını verən səhnə idi. Elə bu an əyni
olduqca nimdaş, arıq, hündürboy, üzü Qobustanın şoran torpaqları kimi cadar,
yaşlı qarayanız bir kişi “əslində bu belə olmayıb” deyərək dərindən köks
ötürdü. Ondan tarixçi yoxsa ədəbiyyatçı olduğunu soruşanda “ bunları öz gözlərimlə
görmüşəm” dedi. Təbii ki, dəli olduğunu düşünmüşdüm. Elə bu an isti çay gəldiyi
üçün həmin o qocanı da çaya dəvət edib və çayı süzüb qabağına qoyanda , kinayə
ilə ,deyəsən 1400 il öncədən gəlmisən ay əmi dedim. O isə - ondan daha əvvəlki
zamanlardan gəlmişəm deyərək gözlərini filmdən ayırmırdı. Rasim Balayevi göstərərək ,vallah bu Nəsimiyə
oxşamır, Nəsimi uzunsifət amma olduqca nurlu insan idi. Gözlərinə baxanda hər kəs
onun sehrinə düşərdi. Bunun üzündə isə yorğunluq və əzab var. Nəsimi isə ən pis
anlarında belə gülümsəyərdi, təbəssümünü kimsədən əsirgəməzdi deyərək stəkandan
çayı qurtumladı. Gözlərmizin önündə dəli olmuş Xaçmazlı şair Mehman, dəfələrlə
kosmosa gedib gəlməsindən, yadplanetli qadınla evlənib Yupiterdəki ailəsindən o
qədər danışmışdı ki, bu dəlinin də xəyal dünyası məni valeh etmişdi. Öz-özümə dəlilər
dahidir fikri ilə razılaşırdım bu qocanı dinlədikcə. O isə durmadan danışır və ara bir maraqlıdırmı
deyə soruşur, daha sonra yenə davam edirdi.
Hər şey
1369-cu ildən başlayır əslində. Şamaxılı Seyid Məhəmmədin evində bir nur
dünyaya gəldi. Adını Əli qoydular bu nurun. Qeyri adiydi uşaqlığı da. Gəzməyi də
yeməyi də, ilk sözlərini seçib deməyi də fərqli idi. Bu uşağı görən hər kəs
onun fərqli olduğunu anlayırdı. Həmin vaxt Şamaxı da sayılıb seçilən şəhərlərdən
idi. Bir şeir , bir musiqi gecələri vardı ki . Hər kəs o qıvrımsaç Güneymini
dinləməyi özünə fəxr bilərdi. Məhz bu yerdə qoca dərindən köks ötürdü və gözlərini
televizordan çəkib pəncərəyə dikərək uzaqlara baxıb, hələ də səsi
qulaqlarımdadı deyib davam etdi. Bədahətən
rübai deyən Möhsün isə şeirləri ilə hər kəsi sevməyə məcbur edərdi. Hamı o ağ bədənli
Güneymini görməyə gedərkən Əli aya, ulduza baxmağa gedərdi. Fikirləri ilə gənclik
illərindən hamını heyrətə salardı. Məhz buna görə də Şamaxının ən dahi müəllimlərindən
, ustadlarından olan Nəimi , bir gün onu yanına çağırdı və dedi: Səndəki bu nur
bir nemət olduğu kimi həm də bir yükdür oğul. Sənin məqsədin bu nuru digər
insanlara ötürmək və yer kürəsini nura qərq etməkdir. Sən bunun üçün
yaranmısan.
Özünü anlamaqda həmişə çətinlik çəkən, mən kiməm,
mən bu dünyaya niyə gəlmişəm deyən Əli ilk dəfə idi rahatlıq tapırdı. Buna görə
də Nəiminin qulluğuna girərək tez bir
zamanda onun ən etibarlı müridi oldu. Əlinin ilk eşqi məhz müəllimi Nəimi idi.
Uğrunda canından keçəcək qədər sevirdi deyə, daha da yaxın olmaqçun Nəiminin
qızı ilə evləndi. Bir dəfə söhbət edərkən bir şey dedi. Qəribə bir haldayam.
Yoldaşıma olan sevgim atasından qaynaqlanır. O üzdən sevirəm onu. Bu şeir isə
yoldaşına yazdığı ilk şeiriydi:
Allahu Əkbər
ey sənəm, hüsnündə heyran olmuşam,
Qövsi
quzehdir qaşların , yayına qurban olmuşam.
Üzün ol cənnət
gülü, boyun həqiqət sərvidir,
Eşqində mən bülbül kimi, aləmdə dəstan olmuşam.
Əvvəl cəmi bu
sətirlər vardı. Ardını isə illər sonra yazdı bu şeirin. Onda artıq o Əli yox Nəsimi
idi.
1386-cı ildə ölkəni qara xəbər bürüdü. Topal Teymurun
bu ölkəyə yürüşü başlamışdı. Çox qansız adam idi. bilirsənmi oğul, Teymurun bəd
olmasını biz əvvəldən lap o doğulandan bilirdik. Əbcəd hesablamaları ilə
bilirdik ki , bu insan qaniçən olacaq. Məhz o qaniçənə qarşı hürufilər mübarizə
aparırdı. Daha sonra Qara Yusif, Cəlairilər də bizə qoşuldu. Nəimi hər yerdə
müharibə, qan əleyhinə danışırdı deyə Əmir Teymur onu tutaraq parçaladı. Nəsimi
də bundan sonra gizlənmək üçün Əlincəyə pənah apardı. İlk dəfə əyninə zireh
geymişdi deyə Nəsimi adını müvəqqəti kənara qoyub yenidən Seyid Əli adını
götürmüşdü. O topal (Teymur) biləndə ki, Nəsimi Əlincədədir , ordunu göndərir
ki, gedin Nəsimini diri tutub gətirin. Düz 13 il Nəsimi o qalada yaşayır. Ara
bir oradan gizlin çıxıb Kərbəlaya, Bağdada və Hələbə gedib müridləri ilə
görüşüb dərs deyər və yenidən qalaya qayıdardı. Düz 13 il o topal, Əlincəni
tuta bilmədi. Ordu ordu dalında gələrdi. Sel kimi hücum edərdilər, elə oxlar
atardılar ki, günəş görünməzdi, amma, yenə də bir əsgərə heç nə olmazdı. Çünki
orada Nəsimi vardı. Hətta bir gün dözə bilməyib özü də Hindistandan bir başa
Əlincəyə gəlir. O vaxt Nəsimi ilə birlikdə qaladan onun o ağ çadırına baxardıq.
Məğlub qayıdan sərkərdələrini necə bişirdiyini görərdik. Məğlub qayıdan əsgərləri
kabab edib mancanaqla qalaya tullayanda Nəsimiylə birlikdə dəfn edərdik onları.
Nə illah edirdi yenə də tuta bilmirdi Əlincəni.
-
Amma Əlincə tutulur axı.
Hə. O vaxt
Əlincəyə iki insan başçılıq edərdi. Xacə Covhər və Əmir Altun. Xacə bir gün ibnəlik
edir. Neçə vaxtdır qadınsız olduğuna görə nəfsinə hakim dura bilmir və gənc
mehtəri otağına aparır. Bu hadisəni bilən kimi Nəsimi bərk sarsır. Elə küsür
ki. Mən burada qala bilmərəm deyib gecə ilə çıxanda, Əmir Altun , mən və Əbu
İshaq da onunla birlikdə qaladan
çıxırıq. Məhz Nəsiminin nuru Əlincədən
gedəndən sonra o topal , qalanı tuta bilir. Əmir Altun da öz ailəsini götürüb
gedir, biz üçümüz isə Hələbə gedərkən yolda özbəklər tərəfindən tutulub topalın
hüzuruna aparılırıq.
Nəsimini gəldiyini
bilən Teymur elə sevinib , elə bayram edirdi ki, bütün əsirləri azad etdi və bütün vergiləri bir illik ləğv etdi. Sevinci
az sürmədi. Elə ki Nəsimini uzaqdan gördü, titrəməyə başladı. Nəsiminin o sərt,
məğrur baxışları önündə dözə bilməyib qorxudan çadırına girir. Elə ölüm fərmanın
da çadırdan verir. Bizim ikimizə yəni ki mənimlə Əbu İshaqa yüz şallaq , Nəsimiyə
isə ölənəcən şallaq cəzası kəsir. Əbu İshaq şallaqlara dözə bilmir və ciyərləri
partlayaraq haqqa qovuşur. Mən isə gördüyün kimi sağam. Nəsimiyə isə bir dənə də
olsa şallaq vura bilmədilər. Kim əlinə qırmancı götürdüsə əli daşa döndü. Kim əlini
qırmanca uzatdısa əli tutuldu. O topal isə bunu görüb qorxudan Nəsimini buraxır və əmr edir ki, bir
daha kimsə ona yaxın durmasın. O ya şərin özüdür ya da allahın ən sevimli
quludur ki, ona heç nə olmur deyərək Nəsimiyə əbədi yol açır.
-
Bəs nəyə görə Miranşah onu öldürür?
Danışacam.
Hamısın danışacam deyərək, qoca , əlində tutduğu stəkanı yenidən çayla
doldurdu.
Bilirsənmi oğul məhz bu hadisədən
sonra Nəsimi xeyli qapandı özünə. Niyə o adamların əlləri daşa döndü, kim idi
onu qoruyan, bu qüdrət onun özündənmi doğurdu yoxsa başqa bir şey var idi deyə
xeyli düşünürdü. Bir il bu fikirlərlə
dolandı. Hamıdan uzaqlaşdı. Yenidən özünü axtara-axtara gedib Mənsur Həllacın
davamçısı olan Bəşir Tovhidi ilə tanış olur Məkkədə. Bu tanışlıq onu xeyli dəyişir
və Nəsimi kamil insan fəlsəfəsinə daxil olur. Özünü kamilləşdirməkdən ötrü
xeyli işlər görür. O dərəcədə kamilliyə yüksəlir ki, Kəbənin yanındakı o qara
daşı bir işarətlə havaya qaldırıb yanına gətirir və o daşla söhbət edir. Nəsimi
geri qayıdanda artıq tam fərqli idi. Həyat yoldaşına Əli kimi yazdığı şeirin ardını Nəsimi kimi tamamlayır.
Kövni məkandan
keçmişəm, məni şərabın içmişəm,
Cananə üzün
görmüşəm, başdan ayaq can olmuşam.
Dəvi mənəm ,
qazi mənəm, münkir mənəm, razi mənəm,
Dağı mənəm,
yazı mənəm, mən külli dövran olmuşam.
Sufi mənəm,
safi mənəm, kafi mənəm, şafi mənəm,
Ərni mənəm,
heyran mənəm, dərd ilə dərman olmuşam.
Zahid mənəm ,
abid mənəm, asi mənəm, fasiq mənəm,
Mömin mənəm,
kafir mənəm, mən külli insan olmuşam.
Uçmaq ilə
rizvan mənəm, damu ilə niran mənəm,
Danə ilə
nadan mənəm, həm inü həm an olmuşam.
Gəh çıxmışam
İsa kimi, çərx üstünə oturmuşam,
Gəh varmışam
Yusif kimi, Misirdə sultan olmuşam.
Sərrafi bəhri
qüdrətəm, yaquti kani vəhdətəm,
Şimdi Nəsimiyəm,
bu gün xak ilə yeksan olmuşam.
Nəsimi
kamilliyə çatmışdı. Keçmişdən gələcəyə gedir, istədiyi insanın bədənində təcəlla
edə bilirdi. Çünki o artıq vəhdəti anlamışdı. Bir gün mənə kölgədə sərinlənən
bir iti göstərib dedi ki, bayaq bu itdə təcəlla etmişdim ki onun gözündən
dünyaya baxa bilim. Sən demə bu itlər o qədər saf o qədər sevgi ilə
baxırlarmış. Kaş biz insanlar da bu itlər qədər saf ola bilsəydik. Mən Nəsimini
bundan sonra daha da dəli kimi sevməyə başladım və ona yalvardım ki, məni
müridliyə qəbul etsin. O isə mənə bunları dedi: Mən sənin də, başqalarının da
yoluna bir işığam .Çalış o işığı qəlbində qoru ki , məndən sonra azmayasan. Min
müəllim də ola xeyri olmaz. Sən olmaq istədiyin insansan. Kim olduğunu özün gözəl
bilirsən və kim olacağını da. Sən sadəcə işıqı qoru.
Qapısında
yatar , qapısında durardım Nəsiminin. Addımından geri qalmazdım. Hara gedərdisə
onunla gedər və dediklərini yazardım. Bir gün də Təbrizə getmişdik. Meydanda
onunla addımlarkən bir də gördüm Nəsimi durdu. Heykəl kimi dondu sanki. Sakitcə
mən gördüyümü sən də görürsənmi deyə soruşdu məndən. Mən isə ətrafda
insanlardan başqa heçnə görmürdüm. Həmişə ağır-ağır gəzən o Nəsimi ilk dəfə idi
yeyin addımlarla hərəkət edirdi o gün. Mən də onun ardınca Təbrizin dar küçələrindən keçib gedirdim. Onun hara və nəyə tələsdiyini
bilməzkən , birdən Nəsimi uca səslə dilləndi:
Üzünü məndən
nihan etmək dilərsən etməgil,
Gözlərim
yaşın rəvan etmək dilərsən etməgil.
Bərgi nəsrin
üzrə müşkin zülfüni sən dağıdıb,
Aşiqi
bixaniman etmək dilərsən, etməgil.
Qoymuşam
eşqində mən kövni məkanın varını,
Can nədir
kim, qəsdi can etmək dilərsən, etməgil.
Kimləsə
danışırdı , amma, onun gördüyünü mən görə bilmirdim. Daha sonra isə geri
qayıtdıq. Yol boyu bir kəlimə də olsa danışmadı. Hovuz başına çatdıqda isə sərinlənmək
üçün əl-üzünü hovuzda yuyub elə kənarındaca əyləşdi. Bir müddət də susduqdan
sonra dözə bilməyib az öncə ondan kiminlə danışdığını soruşanda bir cavab
verdi. Tanrı ilə. Ustad, Musa Turi Sinada tanrını görə bilmədi, peyğəmbər
meraca çıxdı yenə tanrını görə bilmədi,
sənmi Təbrizdə tanrını görüb onunla danışdın? Elə isə de görək tanrı nəyə
oxşayırdı? O isə sakitcə tanrı qadın idi dedi. Mən isə bunun küfr olduğunu
,onun ya dəli ya da azmış olduğunu düşünərkən qəlbimdəkiləri oxuyub üzümə
baxaraq, küfr deyil ey dili qafil , bəlkə sən də görərsən dedi. Tam olaraq qərarsız
halda ikən birdən qeyri adi bir ətir bürüdü məni. O ətirdən bihuş olmuşdum. Elə
bir ətir idi ki, onu insan oğlu yarada bilməzdi. Elə bu an qeybdən səs gəldi: Mən
burdayam ey bəndəm. Səni yaradan yanındadır. Öz yaratdığını görməyə gələrkən sən
də bu şərəfə nail oldun. Heyrətdən əsərkən mən də onu gördüm. Qara çarşablı
qadın idi. mən danışa bilmirdim. Dilim lal olmuşdu. Hərəkət edə bilmirdim. Bədənim
donmuşdu. Həyatım boyu Nəsimidən valehedici birin görməzkən , onun qarşısında ərimişdim.
O tanrı idi. yeri göyü yaradan tanrı. Nəsimi mənə baxaraq dedi: tanrının iki
sifəti var. Biri kişi sifətidir, biri isə qadın. Qadın sifətiylə tanrı ,
sevgisindən dünyanı yaratdı, dünyaya can
verdi. Kişi sifəti ilə o dünyanı cəzalandırır və cəhənnəmi günü-gündən genişləndirir.
Tanrının qadın siması sevgidir, kişi siması ölüm. O üzdən bura sevgi siması ilə
gəlib. Mən donub qalmışdım. Bir də diqqət edəndə gördüm ki, hər şey və hər kəs
donub. Zaman donub. Hovuzun ortasında fəvvarə də donub. Fışqıran damcıları
havada asılı qalıb. Yalnız onunla tanrı hərəkət edirdi. Onlar getdilər. Günlər
keçəndən sonra Nəsimi tək qayıtdı və o gələn kimi zaman özünə gəldi. Damcılar
hovuza töküldü. Əlində ağaç parçasıyla qaçan uşaq ayaqlarını hərəkətə gətirdi.
Nə olduğunu anlamırdım. Nəsimi isə mənə baxıb , sadəcə səbr et dedi. Mən də səbrlə
olan bitəni izləyirdim.
Günlər keçir,
aylar dolanır, illər ötürdü. Nəsimi tanrı ilə tez- tez görüşərdi. Adətən aşiq
öz məşuqunun ayağına gedərdi amma məşuq gəlirdi burada öz aşiqinə. Sonradan anladım hər şeyi. Tanrı öz yaratdığına aşiq olmuşdu.
Tanrı öz yaratdığına elə aşiq olmuşdu ki onun üçün insan cildinə girib aramıza
gəlmişdi. Söhbətlərinin birində də məhz belə oldu. O Nəsimiyə baxaraq istəyirsənmi
kim olduğumu elan edim hər kəsə deyə soruşanda Nəsimi onda bu cavabı verir:
Səni bu hüsnü
camalu bu kamal ilə görüb,
Qorxdular həqq
deməyə döndülər insan dedilər.
Bu sözlərin mənası
böyük idi oğul. Nəsimi gələcəyi gördüyü üçün dediki kimsə inanan deyil. Bu
zavallılar tanrını kişi cildində görür , nur kimi düşünür. Səni qəbul etməzlər.
Onlar həqiqətən
bir-birilərini aşiqlə məşuq kimi sevirdi. Sadəcə fərq ondaydı ki, tanrı Nəsimini
təkəbbürlə sevirdi, Nəsimi isə bəşəri eşq ilə yanaşırdı. İlk dəfəydi belə hal
baş verirdi bəşər tarixində. Ən son söhbətləri də yadımdadır.Hələbdə idik. Yenə
də zaman dayandı və tanrı gəldi. Nəsimiyə onunla birlikdə getməsini əmr etdi. Səni
mən yaratmışam, mənim də olmalısan deyəndə Nəsimi soruşdu: Bəs bu insanlar
kimindir?
-
Mənim.
Onları niyə
aparmırsan yanına?
-
Sən gəl, yanımda tək sən ol, mən sənə aşiqəm Nəsimi.
Sən bəşər
övladından kamillik tələb edərkən , bu təkəbbür nədir? Təkəbbür kamilliyə
yaraşarmı heç? Sən sevginin özüsən amma qəddarsan. Niyə insanlara düz yolu göstərmirsən,
niyə bu həyatı öz başına buraxırsan?
-
Mən hər kəsə ağıl və azad iradə vermişəm. Kamil
insanlar öz ağlı ilə mənə çatacaq. Cahillər isə o iradədən öz nəfslərinə görə
istifadə edib günahlarına görə cəzalanacaq.
Axı o cahilləri
də sən yaratmısan. Axı onlar yaranmadan öncə sən gözəl bilirdin bu insanlar
hansı addımı atacaq, günah yoxsa savab edəcək, sənə yoxsa nəfsə yönələcək.
Bunları bilirdin axı. Bilə-bilə nədən yaradırsan? Cəza vermək üçünmü?
Bax oğul,
tanrı burada susdu və Nəsimiyə dedi: Kimsə mənə bu cür üsyan etməmişdi amma sən
etdin. Sənə görə qürurumdan vaz keçib yanına gəldim bu zavallı insan cildində.
Sən isə mənə qarşı çıxdın. Onda Nəsimi də bu beyti deyir:
Gər səni
sevdim dəlitək üsyanım oldun mənim,
Sevgimi əlimdə
şəmşir eyliyib gəldim sənə.
Həqiqətən elə
idi. Nəsimi sevgisini əlində qılınc etmişdi. Həm o gözəlliyin qarşısında əriyib
yox olmuşdu, hər cümləsində o tanrını mədh edirdi həm də tanrının təkəbbürü ilə
barışa bilməyib insanlıq adına ona qarşı
çıxırdı. Üsyan edirdi. Üsyan edirdi ki , bəşər övladı azad olsun , bəşər övladı
xoşbəxt olsun. Kimsə bunu etməzdi. Nəsimi özünü bununla fəda etdi. Son olaraq
tanrı Nəsimiyə dediki ey dili-qafil, bax səmaya. İkimiz də səmaya baxarkən bir
şeyi gördük. Ay ilə günəş birlikdə parıldayıb birləşdi və anidən yox oldular.
Sonra tanrı Nəsimiyə baxaraq dedi: Ay da günəş də mənim əmrimə tabe ikən sən məndən
gedirsən. Elə isə sən də mənim kişi simamı görəcək və əzabları bu dünyada
dadacaqsan.
Bu sözləri deyib
yox oldu tanrı. Elə həmin gün də Hələb hakimi Yaşbəkin casusları Nəsimini ələ
keçirdi. əslində kimsə onu axtarmırdı, sadəcə bir deyib oldu hər şey. Tanrı
qisas alırdı. Nəsimini hamının gözləri önündə soydular. Günəş o zaman batdı
insanlıq üçün .
-
Soyularkən Ağrımaz qəzəlin deyib eləmi?
Xeyr onu mən
yazmışam Nəsimin şəninə . Nəsimi soyularkən əzab çəkirdi və tanrı ilə
danışırdı. Onun son sözləri belə idi:
İstədin, sərpa
soyulmuş bir bədən mehman olur,
Aşiq öz məşuquna
bu küll üçün qurban olur.
Nəsimi külli
aləm üçün qurban getdi. Sevgisinə də insanlıq üçün boyun əymədi. Kimsə o cür fədakarlığı
edə bilməzdi və bundan sonra da Nəsimi kimi biri olan deyil.
Nəsimi son nəfəsini
verəndə tanrı necə ah nalə etdisə hamı bu səsi eşitdi. Həmin gün qan ağladı yer
göy. Elə o gündən sonra da tanrı öz səhvin anladı və təkəbbüründən vaz keçib
insanlar arasına gəldi. Bir daha o səmaya qayıtmadı. Hələ də buradadır. Mən də məhz
onu axtarmaq üçün gəlmişəm. Harada bir Nəsimi adlı uşaq dünyaya gələrsə tanrı
da orada olar. Bir azdan burada bir uşaq doğulacaq , adı da Nəsimi olacaq deyə
ümidlə gəlmişəm ki, bəlkə tanrını görə bildim.
Qoca
danışdıqca mən həm heyrət edirdim ki dəlidən çıxan sözlərə bax, həm də
inanırdım . Elə o üzdən də yenə də gülümsəyərək soruşdumki ay əmi bəs sən kimsən?
-
Bəziləri mənə Kaşşey deyər, bəzilər isə müqəddəs
Xızr. Mən isə bütün ailəsinin, nəslinin necə qocalıb öldüyünü görən, onları öz
çiynində məzara aparan bədbaxt qocayam.
Və bu qocanın səndən bir xahişi var. Əgər evlənsən və oğlun olsa adını Nəsimi
qoyarsan.
Qoca bu sözləri
deməyi ilə bir anda yoxa çıxdı. Az öncə əlində tutduğu stəkan isə havadan asılı
qalmışdı. Mən isə bu günəcən ancaq bir şey haqqında düşünürəm. Bunlar həqiqətdir
yoxsa xəyal?
Yorumlar
Yorum Gönder