Qatil qələm


                                                                              Mənə ölüm hökmü də azdır cənab hakim.
                                                                         Mən  sevgi və bütün hisslərimi öldürmüşəm….
 
Hərdən mənə elə gəlir ki, dünyadakı bütün ədalətsizliyin bir günahkarı var, o , da Allahdır. Bu qədər günahkarı nədən yaratdı axı? Məgər bilmirdimi ki, onun yaratdıqları ən vəhşi varlıqlara çevrilib onun adına ləkə yaxacaq? Mən cənnət və cəhənnəmin olmadığını dərk etdiyim an azadlığın nə olduğunu anladım. Azadlığın nə olduğunu dərk edəndə isə qollarımda qandal vardı cənab hakim. Son sözüm isə budur: Mən onu öldürməmiş ölən deyiləm…
Bu sözləri ömrlük həbs cəzasına məhkum edilmədən öncə demişdim. Bəli ömürlük həbs. Artıq illərdir burdayam. Kartan həbsxanası mənim həyatımın bir parçasına çevrilib. Elə mən də onun bir hissəsiyəm. Nəfəs alıb verən bir parçasıyam. Bura dəhşət bir yerdir. Nə televizor var nə radio, nə film nə musiqi. Əvəzində hər gün eşidilən zarıltı və nalə səsləri mənimçün musiqiyə dönüb. Bəzən o səslərin fonunda bildiyim mahnıları zümzümə edib divarlara baxıram. Məni həyatın sirrindən daha çox maraqlandıran bir sual var burada: Görəsən indi günəş hardadır, hansı tərəfdədir? Axı biz ömürlüklərin kamerasında heç pəncərə də olmur. Əslində ən böyük cəza məhz budur. Günəşi görməmək, ayı görməmək. Mən isə günəşdən və Aydan hələ də əlimi üzməmişəm. Ümid mənim son silahımdır…
1985-ci ildə Qazaxıstanın Balxaş şəhərində doğulmuşam. Doğulduğum il də atam Sanjar dünyasın dəyişdiyinə görə, anam Gülbanu məni əziyyətlə böyütdü. Yəhudi uşaqlarının alman nasist düşərgələrində çəkdiyi zülmü bu cəmiyyət, daha doğrusu öz xalqım mənə yaşatdı uşaqlıqdan. Tək qadının oğlu olmaq ağır idi bu ölkədə. Buna baxmayaraq öz xalqımı sevirdim. Keçmişimi sevirdim.Dövlət qurub dövlət yıxan qədim bir xalqın oğlu idim. Elə buna görə də tarixə meyilləndim. Universitetdə oxuyarkən Ülviyyət adlı bir qızı sevirdim. Açığı elə indi də sevirəm. Amma indiki Ülviyyəti yox, məhz o tələbə Ülviyyəti. İndiki Ülviyyət mənimçün əzabdan başqa bir şey deyil. Çünki məhz onun sayəsində həyatım məhv oldu. Amma ona görə də həm şair həm yazıçı oldum. İçində Ülviyyət olan o qədər şeirim vardı ki.  Onu unuta bilməkdən ötrü başqası ilə evləndim ki , bəlkə xoşbəxt olaram. 25 yaşım olanda bir qızla tanış oldum. Gözəl deyildi amma anlayışlı biri idi. Həmişə sevgiylə yanaşardı. Elə sevirdi ki, onun sevgisi önündə əriyirdim. Axı biz kişilər pişikkimilər fəsiləsinə aidik. Bir sığal bizi özümüzdən edir. Mən də o sığala aldandım. Mənim ona məğlub olduğumu görəndə isə “sən məni alan deyilsən, axı mən qız deyiləm” sözlərini dedi. Adam həqiqətən dahi idi. Biz qazaxların bir sözü var: saqqalı ələ vermək. Gözəl bilirdi ki saqqalı çoxdan ələ vermişəm və onsuz qalmaq çətin olacaq. Özünü mənə qəbul etdirdi. Əslində düzün demişdi mənə. digərləri kimi qızlığını itirib , sonradan qız adıyla gəlməmişdi mənə. Olduğun dediyinə görə hörmətim daha da çoxaldı. Nə qədər şərqli olsam da anladım ki, xoşbəxt olmaq üçün qadının bəkarətinə yox, sevgiylə baxan gözlərinə, sevgiylə toxunan əllərinə ehtiyacım var. Və ən əsası… Axı mən kasıb idim. Kim idi kasıb bir şairi qəbul edən? Evləndik… Beş aylıq bir evlilik həyatı yaşadım. Elə ilk günlərdən anladım ki, mən onun təmiz adı üçün bir vasitə idim sadəcə. O da şərqli idi. Əvvəl anlayışlı olan qadın sonralar məni başqa varlı ailələrin ərləri ilə müqayisə edirdi. Hətta doğum günündə aldığım o ucuz hədiyyələri də bəyənmədi. Məhz bundan sonra ayrıldıq.
Bir müddət o qədər çətin olduki. Yaşadığım Astanadan anamın yanına Balxaşa qayıtdım. Məni həyatda təmənnasız sevən tək qadının. O mənim anam deyildi. O mənim məbudum, dinim, imanım, səcdəgahım idi. Həyatda tək bir məqsədim vardı: Anamı xoşbəxt etmək və onun mənlə qürur duyması. Elə anamın yanında qalıb , anamın yanında da ölmək istəyirdim. O üzdən evimizə yaxın olan məktəblərin birində müəllim kimi işə düzəldim.  Evdə anamla xoşbəxt olsam da, çöldə öz xalqımı bu qədər vəhşi görərkən bədbəxt olurdum.Yenə də anamın dizlərinin dibi mənim cənnətim idi deyə gücdən , ruhdan düşmürdüm. İki il həm özümlə, həm də cəmiyyətlə mübarizə apara-apara yaşadım.   Və bir gün evə gəldikdə isə dünyam qaraldı. Blokun ağzı adamlarla dolu idi.  Xoşum gələn, hörmət ediyim,zəhləm gedən hər kəs mənə qəribə formada baxırdı. Pilləkənlə evimizə qalxdıqca hamı yol verir, başlarını aşağı salırdı. Qapımız da açıq idi. İçəridə polislər, ağ xalatlı həkimlər , qapı qonşumuz Zərifcan və qapının ağzından qonaq otağınacan qan ləkəsi vardı. Elə bil kiminsə başın kəsib sürümüşdülər. İlk dəfəydi ayaqlarım əsirdi həyatımda. Özümü güclə ələ alıb Zərifcandan nə baş verdiyini, anamın harda olduğunu olduğunu soruşdum. O isə qızarmış gözlərindən hıçqırtıyla yaş tökməyə başladı. Qonaq otağına girdikdə isə anamı qanlar içində, sakit səssiz uzanmış gördüm. Həyatın ən ağır zəlzələsin yaşayırdım o an. İrəli getməyə ayaqlarım yox idi sanki. Dizin dizin gedib anamın ayaqların ovcuma alıb ana, ana , ay ana, anaaaaaaaaaa deyib hıçqırmağa başladım. Anamın yanına uzanıb başımı onun qanlı sinəsinə qoydum ki,bəlkə nəfəsi gələr. Yox idi. Ürəyi yox idi. Bumbuz idi anam.
Qonşu Zərifcanın evinə girən oğru ona və balaca qızına əziyyət edərək qızılların, pulların yerini öyrənmək istəyərkən balaca qızcığazın qışqırtısını eşidib içəri keçən anam bu mənzərəni görəndə əlinə keçən su bardağı ilə oğrunu vurub polisə zəng etmək istəyəndə, həmin oğru əlindəki bıçağı anamın düz ürəyinə saplamışdı. Düzdü elə həmin gün o murdar cinayətkar tutuldu. Amma mən artıq mən deyildim. İnandığım hörmət etdiyim bütün dəyərlər elə həmin gün anamla birlikdə torpağın altına getdi. Bir neçə gün sonra o murdarın məhkəməsində mən də iştirak etdim. İlk cinayəti deyildi. Bundan öncə də dəfələrlə qəsbkarlığa görə məhkum olmuşdu. Məhkəmədə hakim xüsusi rejimli həbsxanada çəkmək şərtilə 15 il həbs əmrini verdikdən sonra o murdarı zaldan çıxarmamış dayandığı barmaqlıqlara yaxınlaşıb dedim: Narahat olma. Göz yaşı tökənin , yolunu gözləyənin, əziyyət çəkib yanına gələnin olmayacaq. Çünki sən orda olduqda arvadın , oğlun ,ailəndən sənə yaxın olan kimlər varsa hamısı məhv ediləcək. Indi get rahat 15 il yat.
Məhkəmə binasından çıxıb ömrümdə ilk dəfə dükana girib bir qutu siqaret alıb çıxaraq ,birin yandırıb eləcə uzaqlara baxdım. Mənim yolum bəlli idi- Qisas...Bu qisas da ağır olmalı idi. Çünki mənim əzabımı bir adamlıq cəsəd aparan deyildi.
            Onun həbsindən tam bir il keçmişdi. Bu vaxt ərzində olduqca sakit davrandım. Kimsə qisas hissi ilə alışıb yandığımı bilib zəruri müdafiə tədbiri belə görməsin. Hər kəsin tam rahat olacağı anı gözləyirdim. Və o gün gəldi. Anam üçün yazdığım şeirin son bəndini bitirib vərəqi qatlayıb cibimə qoyaraq onun məzarına gəldim. Sənə hədiyyə gətirmişəm anacan deyib şeirimi oxuyub məzar daşını qucaqlayıb, öpüb sonra da sağollaşıb evə qayıdıb gecəni gözlədim. Bir şairin , yazıçının, müəllimin silahı qələmdən başqa nə ola bilər axı? Heç nə. Ən sevdiyim nazik dəmir qələmi cibimə qoyub gecənin ən qaranlıq anında evdən çıxdım. İlk hədəfim o murdarın evi idi. O evdə onun arvadı və iki oğlu yaşayırdı. Gecə vaxtı hamı yatdığına görə sakitcə evə girdim. İçəridə onun arıq çəlimsiz arvadı yatmışdı. Elə ilk həmlədə düşünmədən bir əlimlə ağzından tutub, o biri əlimlə də qələmi düz gicgahına sapladım. Beyninin qanı yataqla bir idi. Astaca o biri otağa keçib içəridə yerdə yatan hər iki oğlunu da eyni üsulla öldürüb, bir siqaret yandırdım. Siqareti çəkə-çəkə qələmdəki qanı təmizləyib üst-başımı səliqəyə salıb yola düzəldim. Məni ikinci ev gözləyirdi-onun valideynləri və qardaşları yaşayan iki mərtəbəli geniş ev. O evdə tam 14 nəfər yaşayırdı. Anası, atası, üç qardaşı, qardaşlarının arvadları və hərəsinin iki-iki övladları. Öz uşaqları 15 yaşdan yuxarı olsalar da qardaşlarının uşaqlarının ən böyüyünun 11 yaşı vardı. Qalanları körpə idilər. 11 yaş da cinayət üçün yetərlidir deyərək qalan körpələrdən başqa hamısın tək-tək cibimdəki nazik qələmlə qətlə yetirdim. Kiminin gicgahından salırdım, kiminin qulağından. Hər iki halda da beyinləri çölə tökülürdü. Bu evdə də 9 nəfəri öldürüb çıxdım. Növbə onun ən yaxın dostunda idi. O dost ki, onunla eyni taleyi yaşayıb ,dəfələrlə eyni vaxtda həbsxanada olmuşdular. O da yaşadığı evin qabağında marixuana çəkərkən eyni üsulla öldürüldü həmin gecə. Onun sevib dəyər verdiyi kimlər vardısa hamı bir gecədə yoxa çıxdı. Nə edəcəyimi düşündüm. Qaçım yoxsa təslim olum? Qaçsam onu bir də nə vaxt harda görə bilərdim axı? O üzdən də asta-asta piyada polis idarəsinə tərəf yol aldım. Polis idarəsinin qabağına çatanda artıq günəşin ilk şəfəqləri Balxaşın səmalarında qanadlanırdı.
Otaqda çay içə-içə cinayətimi etiraf edəndə rəis inanmırdı. Axı bir müəllim, bir şair bu işi necə görə bilərdi axı? Yenə də əmin olmaq üçün dediyim ünvanlara patrul maşınları göndərdi. Az keçməmiş ard-arda üç zəng gəldikdən sonra rəis qorxaraq yerindən qalxıb digər polisləri çağırdı ki, qollarıma qandal vursunlar. Necə də olsa qarşısında bir gecədə 13 nəfəri qələmlə öldürən və hələ bu azmış kimi həmin qələmi əlində oynadan bir cinayətkar vardı. Ardı zatən bəllidir. Məhkəmə və ömürlük həbs.
Ömürlük məhbuslar olduqca murdar təfəkkürdə olurlar. Zatən ömürlük burda olacaqlar deyə onlara kimsə düz baxmasa o saat öldürürlər. Hətta darıxdıqlarında əllərinə düşən ilk adamı öldürürlər ki, boz həyatlarına qırmızı rəng qatsınlar. Bircə özləri kimi ömürlüklərə toxunmurdular. Çünki hamı bir-birindən ehtiyyat edirdi. Amma mən buna ehtiyyat yox paxıllıq deyərdim. Çünki kimsə istəmirdi ki, o burada ömürlük çürüsün , başqa ömürlük cəza alan isə ölərək buradan qurtulsun. Mən isə fərqli idim. Kimsəylə işim yox idi. Başımı aşağı salıb illərimi yaşayırdım. Əlimə keçən ən mənasız kitabı da oxuyurdum ki bircə vaxtım keçsin. Bir sözlə nümunəvi cinayətkar idim. Mən isə boş yerə belə davranmırdım. Məqsədim vardı. Anamın qatilini öldürməliydim. Amma öldürmədən öncə onun üzündəki o sevgisizliyi görməliydim. Çünki buna görə onun əzizlərini məhv etmişdim.
Günümün çoxusun kitab oxumaqla və cızma qara edib hekayə yazmaqla keçirirdim. Həbsxana rəisimiz rus idi. Yazıçı və şair  olduğumu bildiyinə görə tez-tez əl qolumu bağladıb məni kameradan çıxarıb öz kabinetinə gətirdib saatlarla ədəbiyyatdan , mədəniyyətdən, tarixdən söhbət edərdi. Paqonları olsa da rus mədəniyyətini qürurla daşıyırdı. Tolstoy, Dostoyevski, Puşkin, Qorki və Mayakovski ilə fəxr edirdi. Əslində bu xoşuma gəlirdi. Başqaları kimi Stalinlə , qızıl ordu ilə öyünmürdü çünki.
Söhbətlərin birində iş masasından bir neçə vərəqi mənə uzadıb oxumağımı istədi. Aydın oldu ki özü yazmışdı və mənim fikrimi bilmək istəyirdi. Mənimsə cavabım bir sözdən ibarət oldu: Poxdur.
Adam pərt olmuşdu. Elə o an beynimə gözəl ideya gəldi.
Rəis siz yaradıcılıqla tanınmaq istəyirsiz?
-         Əslində hə.
Bilmək olarmı bu istək haradan qaynaqlanır?
-         Lyudanın gözünə girmək üçün
Gözünə yoxsa yatağına?
-         Nə fərqi var sənincün?
Əslində heç bir fərqi yoxdur. Amma mənim daha gözəl təklifim var. Mən öz hekayələrimi sizə verirəm. Siz onu öz adınızdan çap etdirib yayımlayın. Onda Lyuda da sizin olacaq. əvəzində isə sizdən bir neçə şey istəyirəm. Rəis stulda daha da yayılıb nə istədiyimi soruşanda dedim: Radio, hər gün istədiyim qədər çay içmək və bir də doyunca siqaret. Bu fikir rəisin beyninə yaman batmışdı.
-         Niyə görə öz hekayələrini mənə verirsən ki?
Doyunca siqaret çəkə-çəkə , çay içib musiqi dinləmək üçün verirəm rəis. Çünki mən burada ömürlük qalacam. Siz isə burdan çıxandan sonra da məni yaşadacaqsız yeni hekayələr üçün.Bu işdən ikimiz də karlı çıxacıq rəis.
-         Bəs mən onları cəmiyyətə necə təqdim edəcəm ?
Çox sadə. Litera saytına göndərin. Qalan özü gələcək. Özləri zəng edib sizdən yeni yazılar istəyəcək. Cəmiyyətin sevimlisi olacaqsız. Sadəcə siz mənə yazmaq üçün şərait yaradın. Qalanı mənlikdi.
Rəislə razılaşdıqdan sonra həyatım asta-asta dəyişməyə başladı. O mənim hekayələrimi öz adıyla çıxardıb məşhurlaşdıqca mən daha da gözəl yaşayırdım kameramda. Artıq mənim təkcə radiom yox,televizorum, DVD playerim hətta onlarla porno diskim də vardı. O məşhurlaşdıqca mən onun sevimlisinə çevrilib daha da yaxınına girirdim. Və bir gün məni oz kabinetinə qandalsız gətirdib alnımdan öpərək- Lyuda ilə evlənirəm deyib, masadakı konyak şüşəsini mənə uzatdı. Al iç. Sən mənim gizli dostumsan. Sənin sayəndə mən indi həm Lyudaya sahibəm, həm də məşhuram. Mən isə əsl təvazökarlıq edərək , xeyr rəis, bu sizin Lyudaya olan sevginizin nəticəsidir. O olmasaydı siz heç vaxt yazan deyildiz. Sizi öz sevginiz ucaldır. Mən sadəcə bir tramplinəm. Bu sözlər rəisə o qədər ləzzət etdiki bir daha alnımdan öpüb dedi: Bir ya iki həftəyə səni ümumi kalona çıxaracam. Hər şeyi danışmışam. Sənə psixoloji təyinat alıb, affekt halına görə ömürlükdən çıxaracam. 15 illik həbslə əvəz ediləcək cəzan. Əsas odur sən rahat ol. Rahat ol ki böyük işlər bizi gözləyir.
Sonradan aydın oldu ki, rəisin yazıları o qədər sevilirdi ki, artıq kinokompaniyalar ondan film və serial üçün senarilər istəyirdilər. Böyük gəlirli  işə görə məni həvəsləndirmək istəyirdi. Təbii ki, kimsə buna yox deməzdi. Axı anamın qatili olan o murdar da bu həbsxanada idi. Sadəcə o ümümi kalonda idi mən isə qapalı. Bir birmizi görə bilmirdik. Indi isə onu görməyə çox yaxın idim.
Günlər keçdi və iki həftə sonra deyildiyi kimi daxili məhkəmə nəticəsində mən 15 illik cəza alıb ömürlükdən xilas olub , ümumi kalona getdim. Rüşvətin xirtdəyə çıxdığı ölkədə arxan dayağın varsa sən hər şeyə qadirsən. İlk dəfə idi rüşvətxor rejimin faydaların hiss edirdim. Və ən əsası bu rejimdən  13 nəfərin qatili olan murdar bir cinayətkar faydalınırdı.
Ümumi kalonda ilk nahar yeməyində mən o murdarı gördüm. Anamla birlikdə insanlığımı əlimdən alan o murdar Yavuz Sultanbekov əlindəki nimçə ilə sırada düzülüb yemək götürmək üçün növbə gözləyirdi. Hündür , qarabuğday, qıvrım saç əclafı tanımamaq kimi bir şansım yox idi. Nimçələrimiz nazik aluminiumdan hazırlanmışdı deyə rahat qatlanıb əzilirdi. Növbədən çıxıb əlimdəki nimçəni asta-asta bir neçə dəfə əks tərəflərə qatlayaraq kənarın qıra bildim. İnsan öldürmək istəyəndə hər şeydən silah kimi istifadə edə bilər. Hətta çörəkdən belə. Əlimdəki aluminium parçası ilə sürətlə Yavuza yaxınlaşıb onu masaya yıxaraq sinəsinə oturub əlimdəki nimçə parasın onun boğazına dirəyib soruşdum: 13 dənə hədiyyə göndərmişdim sənə, aldınmı əclaf? Arvadın yarıçılpaq idi qollarmın arasında. Fahişə kimi inlədi. Getmək istəyirsənin o fahişənin yanına? O isə durmadan buraaax, yardım edin deyə bağırırdı. Polislərin gəldiyini görüb ani bir hərəkətlə əlimdəki nimçə parçası ilə boğazını üzdüm. O qədər dərinə sıxmışdım ki, hətta sağ əlim kəsilmişdi. İndi rahat idim.. O alçağın boğazından qan fışqırır, mən isə yenidən doğulurdum sanki. Bu günü o qədər gözləmişdim ki. İlk dəfəydi qisasdan azad olub anamın məzarı üçün darıxdım. Kaş orda ola bilərdim indi.
Bir anda içimi boşluq bürüdü. İlk öncə insani və bəşəri dəyərlərimi əlimdən alıb, yaşamaq üçün qisası mənə verən adam indi yerdə cəsəd idi. Mənimsə ondan bir fərqim vardı: sadəcə nəfəs alırdım. Yaşamaq üçün tutunmağa heç bir səbəb qalmadı bir anda. Etmək istədiyim son şeyi də etmişdim. Geriyə qalanını düşünə bilmirdim.
            İki gün karsda qaldıqdan sonra yenidən daxili məhkəmə ilə ömürlük həbs cəzası alıb ,köhnə yerimə qayıtdım. İki ay həbsxana rəisi yanıma gəlmədi. O iki ayı siqaretsiz, çaysız, musiqisiz yaşamışdım. Tam iki ay sonra yenidən əlimdə qandalla məni kabinetinə çağırtdı. Artıq onun gözündə sıradan bir ömürlük idim. Çünki onun mənə verdiyi hədiyyəni geri qaytarıb cinayətkar xislətimdən vaz keçməmişdim. Əvvəl mənimlə “sevgiylə” danışan rəis indi əmrlə danışırdı.
STV kanalı ilə müqavilə imzalamışam . 40 seriyalıq serial müqaviləsi. Otur yaz ki, çayını radionu və siqaretni göndərim.
Kreslosunda yayılıb oturan rəisə istehza ilə yuxarıdan aşağı baxaraq, başqa bir əmrin varmı deyib bir-iki addım atıb iş masasına yaxınlaşdım. Qandallı əllərimi masaya qoyub,mən səninçün kölə deyiləm bu tərzdə danışasan deyərək ,masanın üstündəki su dolu bardağı götürüb başıma çəkdim. Müqaviləni sən bağlamısan və özün də get yaz. Məndən bir sətir də görən deyilsən.
Bu sözlər rəisi necə qəzəbləndirdisə düz iki gündə bir dəfə yemək vermək şərtilə məni karsa saldırdı. Elə bilirdi ağlım başıma gələcək. Amma o bilmirdi ki, mən kiməm. Nələrə qadirəm. Bütün məhrumiyyətlərə dözəcək qədər güclü, şirin söz qarşısında əriyəcək qədər zəif biri ilə heç vaxt əmrlə danışmaq olmaz. O bunu bilmirdi. Mənim iki aylıq kars müddətim onun bəlasına çevrilmişdi əslində. O iki ay içində ,kanaldan aldığı pulu dəbdəbəli həyata xərcləyib əvəzində bir seriya belə təqdim etmədiyi üçün kanal tərəfindən ciddi təzyiqlərlə üz-üzə qalmışdı. Kanal isə daxili işlər nazirinin idi deyə istədiyini edirdi. O üzdən də iki ay içində dəfələrlə üstümə gah şirnikləndirmək üçün , gah qorxutmaq üçün nəzarətçiləri göndərsə də xeyri olmamışdı. Mən karsdan çıxanda artıq rəis həyatda deyildi. Heç vaxt bir oğru ondan kiminsə oğurluq etməsinə izn vermir. Xalqın pulunu darmadağın edən nazirimiz , bir milyonu boş yerə getdiyi üçün rəisi diri-diri yandırtmışdı ki, başqalarına da görk olsun deyə.
Karsdan çıxandan sonra olduqca mənasız bir həyat yaşayırdım. Bacardığım qədər yatır, oyandıqda isə bir az kitab oxuyub yemək yeyib yenidən yatırdım. Yeni rəis isə hər bir məhkum haqda müəyyən bilgilər əldə edərkən , nəzarətçilərdən biri ona haqqımda hər şeyi danışmışdı. Mənim keçmiş rəis üçün hekayələr yazdığımı , keçmiş rəisin mənim qələmim sayəsində məşhurlaşdığını,bir sözlə hər şeyi danışmışdı. Bu yeni gələn də hər şeyi öyrənib , nazirin gözündə yüksəlmək üçün gedib hər şeyi bir başa ona məruzə etmişdi. Təbii ki, nazir üçün bu mənasız olduğu kimi həm də maraqlı bir xəbər idi. Mənasız idi ona görə ki, onun ədəbiyyatla heç bir əlaqəsi yox idi. Şair də yazıçı da, adi nəcis təmizləyən də onun gözündə eyni idi. Maraqlı idi ona görə ki, keçmiş rəisin yediyi bir milyonun qayıtma şansı vardı. O üzdən də bu dəfə onun qəbuluna aparıldım. Əlim ayağım qandalda , qarşımda isə yekə qarnı olan nazir. Aşağıdan yuxarı məni diqqətlə süzüb soruşdu:  Oleqin paylaşdığı hekayələr şeirlər sənindir?
Qısa cavab verdim: Bəli.
Serial yaza bilərsən?
-         Həbsxanada yox
Anlamadım.
-         Həbsxanada heç nə yazan deyiləm.
Kimsən axı sən? Kimsən ki belə cavab verib yox deyirsən mənə?
-         İtirməyə heç nəyi olmayan, ölümdən qorxmayan heç kiməm.
Azadlıq istəyirsən?
-         Azadlıq, yeni ad və Astanada yaşamaq üçün bir otaqlı ev. Əvəzində elə serial yazacam ki, hər seriyası sizə milyonlar qazandıracaq.
Nazir yanındakına baxaraq, aparın bunu gətirdiyiniz yerə deyib özü arxadakı qapıdan çölə çıxdı.
Nə etdiyimi və nə istədiyimi gözəl bilirdim. Çünki belə adamlar milyon sözünü eşidən kimi arvadların da verərlər.
Tam üç gün keçdikdən sonra nəzarətçi mən olan kameranı açıb dedi:  Rasul Maqomedoviç! Azadsız.
-         Axı mənim adım Rasul deyil.
Və bu an o cibindən çıxardığı vətəndaş pasportun mənə uzatdı. Şəkil, doğum tarixi eyni idi. Bircə adım və doğulub yaşadığım şəhər fərqli idi. Bu mənim yeni adım, yeni həyatım idi. Kartandan çıxanda rəis mənə az miqdarda pul, bir də nazirin bir iki göstərişin yazıb verdi.  Ən əsas bir şərti vardı. Gizli qalmalıydım. Əks halda sonum ya ölüm ya da yenidən həbsxana olacaqdı. O üzdən də həbsxanadan gecə yarısı çıxıb məzarlıqa gedib,anamın məzarıyla sağollaşıb , birbaşa ordan Astanaya yollandım. Rəisin verdiyi nömrəyə zəng edib məni qarşılayacaq adamla danışıb görüşdüm. Şəhərin ən sakit bir yerində mənə ayrılan balaca bir evə yerləşib azacıq dincəldikdən sonra həmən işə başladım. Bir həftənin içində 3 seriya yazıb kanala təqdim etdim. Yağışla gələn qadın adlı serialın çəkilişlərinə həmən başlanıldı. Elə ilk seriyadan sonra cəmiyyətdə bomba effekti verən serial bütün diqqətləri üzərimə çəksə də ustalıqla gizlənə bilirdim. Mən əlçatmaz , bir şəkli, bir görüntüsü olmayan bir qəhrəman idim. Seriyalar yayımlandıqca mən yaxşı pul qazanır , günlərimi içki və rus qadınları ilə keçirirdim. Nazir isə qazandığı pullara görə tez-tez mənə zəng edir, hətta onun üçün gələn rus gözəllərindən bəzilərin mənə hədiyyə göndərirdi. Yaşadığım binada hamı məni sıradan biri kimi tanıyırdı. Küçəyə çıxdıqda da sıradan biri idim. Dəfələrlə oturduğum kafe və restoranlarda , getdiyim avtobus və taksilərdə senaristi olduğum serialdan danışılsa da heç vaxt onu yazan mənəm demirdim. Arabir imkan düşüncə Astanadan Balxaşa gəlib , gecə vaxtı anamın məzarın ziyarət edib elə həmin gün də geri qayıdırdım. Bir gün isə nə oldu heç özüm də bilmədim. Yazdığım kiçik bir hekayəni Litera saytına göndərdim. Vaxtılə rəisim də yazılarımı öz adından o sayta göndərirdi. Seriala görə tanınan imza olduğum üçün ilk hekayəm oxunma rekordu qırdı. Ardıyca göndərdiyim bir neçə hekayə isə cəmiyyətdə əsl müzakirə mövzusuna çevrildi. İndi həm serialım həm də yazılarım cəmiyyəti silkələyirdi.Mən isə sıradan biri kimi balaca evimdə gizli şəkildə yaşamağa davam edirdim. Amma həyat sıradan bir qüvvə deyildi. Hekayələrimi göndərdiyim Litera saytının redaktorunun adı da Ülviyyət idi. lənətə gəlsin o ad. Günlərin bir günü mənə yazıb özün təqdim edib görüş istəyəndə məhz o ada görə vaz keçə bilmədim. İlk sevgimin adı idi axı Ülviyyət. Nə qədər vecsiz, qansız , murdar bir cinayətkar olsam da o adın qarşısında içim əsirdi. İlk görüşmüz də ucuz kafelərin birində baş tutdu.  İlahi bu qadın necə gözəl idi. Günəş kimi sarı saçları, mas mavi gözləri, incə barmaqları, balaca cılız bir qadın. Qucaqlasam qollarımın arasında yoxa çıxardı. Peşəkar filoloq idi. Danışığı Nazim Hikmətin cümlələri kimiydi. Bunun bir adı vardı. Şeir qadın... İlk dəfəydi daşlaşmış murdar ürəyimdə çatların yarandığını, kiçik vəhşi , cır bahar çiçəklərinin cücərdiyini hiss etdim bu qədər ildən sonra. Mən yenidən insanlığımı geri qaytarırdım sanki. O danışırdı, mən isə sanki musiqi dinləyirdim. Adam belə gözəl olmazdı. O ilk adam idiki Rasulun özünü görürdü.  Yarı ağarmış saçım, sınıq burnum, qırışdan qat kəsmiş alnım vecimə deyildi. Bacardığım qədər onu dinləyirdim ilk görüşdə. İlk tanışlıqdan sonra bir neçə gün keçməmiş yenə görüşdük. Yenə də həmin ağaclı kafedə. Bu dəfə çay içdikdən sonra sözə başladı.
Rasul bəy, mən tez inanan insanam. Deyilən sözlərə qulaqlarım inansa da , yazılan sözlərə gözlərim heç vaxt aldanmır. Mən Oleq Qubin ilə sizin yazılarınızı tutuşdurdum. Eyni üslüb və eyni ruh var. Bu mümkün deyil. Dünyanın heç yerində eyni ruhu əks etdirən iki yazar tapmaq olmur. Ya Oleq Qubinin  yazılarıdı bunlar, ya da sizin. Bunun başqa bir açılışı yoxdur.
Sanki bir anda yuxudan ayıldım. Yox . Əsla. Oleq kimdir ki, mən onun yazılarını paylaşım. Bu mənim qələmimdən çıxan yazılardı.
O durmadan inadkarlıq edir və qətiyyətlə deyirdi ki, mənim içimdə bu inam var. Gərək bunu araşdıram.
İlk günlər buna elə də ciddi fikir vermirdim. O filoloq mənim üçün bir sevgi işartısı , insan olmağım üçün bir ümid idi. O üzdən bacardığım qədər onu tez-tez görməyə gedir və hər dəfə də ona mavi qızılgül alırdım. Və bir gün gecə vaxtı mənə zəng etdi.
Alo
-         Rasul mən bu gün Kartandan çıxan bir məhbusla görüşmüşəm.
Nə? Sənin məhbuslarla nə işin var?
-         O mənə qeyri adi şeylər danışırdı. Arslan İmanov adlı bir yazıçının başına gələnləri danışdı. Oleq onun yazılarını paylaşırmış. Sonra isə mənə o məhbusun bir deyib yoxa çıxdığını dedi. Mənə elə gəlir sən o adamı tanıyırsan. Çünki bu eyni yazılardır.
Hə tanıyıram.
-         Ciddisən?
Hə. Özü də çox gözəl tanıyıram.
-         Görürsən Rasul? Məni gözlərim aldada bilmir. Hardasan indi?
Evdə.
-         Gələ bilərəm ?
Gəl...
Dəstəyi qoyub sakitcə kresloma əyləşib bir siqaret yandırıb pəncərədən çölə baxdım. Yeni bir zəlzələnin qopacağını hiss edirdim. Saatın əqrəbləri hərəkət etsə də, zaman sanki donmuşdu. Siqareti siqaret ardıyca çəkib Ülviyyətin gəlişini gözləyirdim . Bir saat sonra qapı döyüldü. Gələn o idi. İçəri keçib sakitcə divanda oturub dedi: Danış !
Əvvəlcə susdum. Sonra isə hər şeyi danışmağa başladım. Danıçdıqca özümdən çıxırdım. Anamın başına gələnləri, etdiyim cinayətləri,dəmir qələmlə qətlə yetirdiyim 13 nəfər günahsızı, o murdarı necə öldürdüyümü ,Oleq üçün nəyə görə yazdığımı . Hər şeyi bir –bir ona danışdım. O isə donub qalmışdı. Güclə özünü toplayıb soruşdu: Sən indi kimsən ? Rasul yoxsa Arslan?
Hər şey aşkara çıxsa mən ya öləcəkdim ya da həbsxanaya qayıdacaqdım. Mən isə ora getmək istəmirdim. Gedə bilməzdim. Çünki orada musiqi yox idi. Orada həyat yox idi. Getmək istəmirdim ora.
Masanın üstündəki dəmir qələmi əlimə alıb oynata-oynata ayağa qalxaraq cavab verdim: Mən Arslanam...
Bir neçə dəqiqə sonra artıq içimdə o bahar çiçəkləri yox idi. İçimdə o yarğanlar yox idi. Daşdan ibarət bir Arslan və əlində mürəkkəb əvəzinə qan damcılanan bir qələm vardı...
 

Yorumlar

Bu blogdaki popüler yayınlar

Cəmiyyətimizin bu günü..

Albaniya haqqında

yarımallah 7-ci hissə